Ana səhifə Diabet Şəkərli Diabet (Diabetes Mellitus) Diabetin yaranma səbəbi nədir? Diabetin yaranma səbəbi nədir?

Şəkərli Diabet (Diabetes Mellitus) Diabetin yaranma səbəbi nədir? Diabetin yaranma səbəbi nədir?

Şəkərli diabet (şəkər xəstəliyi)  insulin hormonunun mütləq və ya nisbi çatışmazlığı  və ya təsirsizliyi nəticəsində əmələ gələn, qan şəkərinin  yüksəlməsi nəticəsində bütün növ mübadilə proseslərinin pozulmasıyla müşayət olunan və ömür boyu davam edən tibbi-sosial  bir xəstəlikdir.
İnsulin, orqanizmdə mədəaltıvəz (pankreas) dediyimiz orqandan  ifraz olunan bir hormondur. Qandakı qlükozanı  (şəkəri)  tənzimləyən tək hormondur. İnsulin olmasa, bədənimiz alınan qidaları istənilən şəkildə istifadə edə bilməz. Əgər insulin hormonu tamamən yoxdursa bu diabetə Tip 1 diabet (insulindən asılı diabet) deyilir. Əsasən uşaq və ya gənc yaşlarda  təsadüf edilir.
Əgər insulin hormonu var, amma miqdarı azdırsa və ya toxumalarda insulinə qarşı rezistentlik varsa, bu diabetə də Tip 2 diabet (insulindən asılı olmayan diabet) deyilir. Əsasən 35 yaşdan sonra təsadüf edilir. Tip 1 diabetli xəstələr ömür boyu insulin istifadə etmək məcburiyyətindədir. Tip 2 diabetli xəstələr isə pəhriz, idman və şəkərendirici  dərmanlarla müalicə edilə bilər. Lazım olarsa xəstəliyin sonrakı mərhələlərində insulin də istifadə edilə bilər.

Diabetin əlamətləri

Susuzluq hissi və ağız quruması, tez-tez sidiyə çıxma,yorğunluq, halsızlıq hissi, iştahanın artması, səbəbi bilinməyən çəki itkisi, bulanıq görmə, çətin sağalan yaralar, ayaqlarda ağırlıq, keyimə hissi, seksual sferada bəzi problemlərin olması və s. Bundan başqa şəkərli diabetin heç bir əlaməti olmaya da bilər və bunun nəticəsidir ki, şəkərli diabet bəzən təsadüfi müayinələr zamanı aşkar edilir. 1-ci tip diabetli xəstələrdə bu əlamətlər şiddətli və birdən-birə başlayır, pasientlər bəzən koma halına düşdükdən sonra xəstəlikləri məlum olur. Ancaq 2-ci tip diabetdə şikayətlər daha az diqqətə çarpır və xəstəliyin başlanğıcı zəif gedişli olur. Buna görə də 2-ci tip diabetin diaqnozu, ümumiyyətlə, gec qoyulur. Gizli diabeti və ya pozulmuş qlükoza toleransı olan insanlarda yeməkdən qabaq əsmə, tərləmə, ürəkdöyünmə kimi şikayətlər də ola bilər.

 

Diabetin yaranma səbəbi nədir?

-Pankreasda insulin istehsal edən hüceyrələrin yarıtmazlığı
-Genetik faktorlar
-Xarici faktorlar (qidalanma pozğunluğu, yaşlanma, dərman pereparatları, stress, azhərəkətlilik və s.)
Tip 1 diabet, genetik olaraq meylli şəxslərdə bədəni viruslara və bakteriyalara qarşı qoruyan təbii immun sistemin, mədəaltı vəzdə insulin istehsal edən heceyrələri məhv etməyə başlaması ilə əmələ gəlir. Buna nəyin səbəb olduğu hələ tam olaraq bilinmir. Bəzi xarici faktorlar (fiziki, kimyəvi səbəblər) da diabetə səbəb ola bilər.
Gündəlik həyatda lazımi fəaliyyətimizi davam etdirə bilmək üçün bədənimizin “qlükoza” adlanan şəkərə ehtiyacı vardır. Qlükoza bədənimizə karbohidratlı qidalarla qəbul edilir və həzm sistemində sorularaq qana qarışır. Qandaki qlükozanın enerji kimi istifadə edə bilməsi üçün hüceyrə içərisinə girməsi lazımdır. Qlükozanı hüceyrə içərisinə ancaq “pankreas” adlanan orqandan ifraz olunan “ insulin hormonu ” salar.
Hüceyrəyə daxil olan qlükoza enerji əldə etmək üçün istifadə edilir. Diabeti olmayan şəxslərin bədəni lazımi qədər insulin ifraz etdiyi üçün qanda şəkəri lazımı səviyyədə saxlayır. Bunu necə etməsinə nəzər salaq: Qanda şəkər yeməklərdən sonra yüksəlir. Qanda şəkərin yüksəlməsi ilə insulin ifraz olunur. İnsulin “açar” vəzifəsi görərək hüceyrələrin “qapıları açır” və şəkərin hüceyrə içərisinə girməsini təmin edir. Beləliklə qanda şəkər normal səviyyələrə (70-140 mq/dl) çatır.

Paylaş: